Prezident İlham Əliyev: “Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran şəxs idi”

0
95

“Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi”.

Bineqedi.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.

“O, (Ulu Öndər – red.) həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb”, – deyə dövlətimizin başçısı vurğulayıb.

“Ulu öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı”.

Əməkdaşlığımızın təməlinin məhz o vaxt qoyulduğunu, bu gün ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.

“Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir”.

“Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olub. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə. Bu belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam”, – deyə dövlətimizin başçısı qeyd edib.

“Bir daha təsdiq edə bilərəm ki, Çin-Azərbaycan münasibətləri əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini, əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir”.

İkitərəfli əlaqələrdə qazanılan nailiyyətləri çox uzun bir yolun başlanğıcı hesab etdiyini söyləyən Azərbaycan Prezidenti vurğulayıb: “Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir”.

Əvvəlki məqaləBinəqədidə abadlıq-təmizlik işləri davam etdirilir – FOTOLAR
Növbəti məqalədəTullantıların yandırılmasına görə cərimələndilər