“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Binəqədi Gənclər Evində “Sağlam gənclik – sağlam gələcək!” devizi ilə ilk tədbirini keçirib.
İctimai Birlikdən Bineqedi.com-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.
Binəqədi Gənclər Evinin nümayəndəsi Fərəh Quliyeva İctimai Birliyin gəncləri təhlükəli infeksion xəstəliklərdən qorumaq üçün həyata keçirdiyi maarifləndirmə təşəbbüslərinin önəmliyini diqqətə çatdırıb.
Təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Binəqədi Gənclər Evinin təmsilçilərinə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, bir sıra yoluxucu xəstəliklər var ki, onlar haqqında kifayət qədər məlumatlı olmaq vacibdır: “Məsələn, viruslu hepatitlər, əsasən də hepatit B, D və C, həmçinin QİÇS və vərəm təhlükəli yoluxucu xəstəliklər sırasında yer alıb. BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”ndə bu xəstəliklərin erkən müayinə və müalicəsinə nail olmaq əsas hədəf kimi qeyd olunub. Bu baxımdan önləyici profilaktik tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin aparılması xəstəliklərin yayılmasının qarşısını almaqla yanaşı, həm də səhiyyə xərclərinin optimallaşdırılmasına xidmət edir. Gənclərimizin zamanında məlumatlandırılması isə perspektivdə sağlam gənc nəslin yetişməsinə yönələn təşəbbüsdür”.
Layihə rəhbəri elektron təqdimat vasitəsilə gənclərə viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumat və tövsiyə verib. Həmçinin iştirakçıların diqqətinə icbari tibbi sığorta ilə tibbi xidmətlərdən istifadə etmək qaydaları barədə vacib məqamları çatdırıb.
Sonra animasiya çarxları nümayiş olunub.
Vərəm xəstəliyi barədə təqdimatı isə gənclərə Vərəm Əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva edib. O, hava-damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə ətraflı danışıb.
İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Sonda gənclərə viral hepatitlər barədə bukletlər, vərəm xəstəliyi və icbari tibbi sığorta ilə bağlı məlumatlandırıcı kitabçalar paylanıb.
Ev Manşet