Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Vazeh Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Röyal Sabirlinin 8 il, Elgün Yusifov, Vazeh Babayev və Elşad Namazovun hər birinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses sentyabrın 27-də davam edəcək.
Qeyd edək ki, hadisə Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri – E.Yusifov, E.Namazov, Kəlbəcər rayon sakini R.Sabirli və V.Babayev saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub.
Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2 (Külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham verilib.report