Binəqədidə səyyar qeydiyyat xidmətləri göstəriləcək – Ünvanlar

0
52

Sentyabrın 23-27-də Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək.

Bineqedi.info saytı Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanına uyğun olaraq istismara icazə verilən binaların sakinlərindən mənzillərini dövlət reyestrində qeydiyyata almaq üçün Əmlak Xidmətləri Məkanına (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20) müraciət etmələri xahiş olunur. Mənzil Tikinti Koorperativləri (MTK) tərəfindən verilən mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün MTK-nın ümumi yığıncağının qərarı və maliyyə arayışı, MMC-dən alınan mənzillər üçün isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi kimi sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi tələb edilir.

Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi Fərmandan irəli gələn tapşırıqlara əsasən istismarına icazə verilən çoxmərtəbəli binalardakı mənzillərin qeydiyyata alınması işlərini səyyar kampaniyalar ilə intensiv sürətdə davam etdirir. Səyyar aksiyaların həftə üzrə müxtəlif ünvanlarda keçirilməsi hər kəsin rahatlıqla xidmətlərdən istifadəsinə, o cümlədən istismara icazə verilən bütün binaların geniş sürətdə dövlət qeydiyyatına alınmasına yönəlib.

Sentyabrın 23-27-də müəyyən edilmiş qrafik əsasında “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək. Bu həftə istismarına icazə verilən 5 bina üzrə keçirilən kampaniya 972 mənzili əhatə edəcək.

Kampaniya Binəqədi rayonu üzrə sentyabrın 23-də Mir Cəlal küçəsi 121A ünvanındakı 15 mərtəbəli 279 mənzilli, 24-ü tarixində isə Ə.Naxçıvani 3068 məhəllədəki 16 mərtəbəli, 465 mənzilli binada keçiriləcək. Mənzillərin səyyar qeydiyyatı xidmətlərindən sentyabrın 25-də Yasamal rayonu, Ə.Əhmədov 28p ünvanındakı 11 mərtəbəli, 110 mənzilli binanın, 26 sentyabrda Nizami rayonu, Elşən Süleymanov 2383 ünvanında 10 mərtəbəli, 98 mənzilli binanın, 27 sentyabrda isə Səbail rayonu, B.Sərdarov küçəsi, ev 16 ünvanında yerləşən binanın sakinləri yararlanacaq.

Vətəndaşlar “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləğini onlayn qaydada öyrənə bilər. Mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərindən ünvanlarındaca istifadə etmək istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar ofisə yaxınlaşa bilərlər.

Əvvəlki məqaləBinəqədidə kafe sahibi itkin düşüb
Növbəti məqalədəBinəqədidə təhsil: 3 saylı tam orta məktəb barədə məlumatlar