Kəmaləddin Heydərov: “Antiterror tədbirlərində Qarabağdakı separatçıların başı əzildi”

0
1487

“Qarabağ Azərbaycandır!” həqiqətinin parlaq təzahürü olan və bu ilin sentyabr ayında 24 saatdan da az müddətdə davam edən lokal xarakterli antiterror tədbirlərində Qarabağda yerləşən separatçıların başı əzildi, Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi”.

Bineqedi.com xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirməklə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olub: “Xalqımızın qəhrəmanlıq salnaməsini yenidən yazan dövlət başçısının rəhbərliyi ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, 200 ildən bəri davam edən erməni mifi və illüziyalarını tamamilə məhv edib. “Qarabağ Azərbaycandır!” həqiqətinin parlaq təzahürü olan və bu ilin sentyabr ayında 24 saatdan da az müddətdə davam edən lokal xarakterli antiterror tədbirlərində Qarabağda yerləşən separatçıların başı əzildi, Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi. Bu qələbə suverenliyimizin tam bərpa edilməsi ilə tarixə əbədi qızıl hərflərlə daxil oldu”.

Nazir qeyd edib ki, bu gün Prezidentin qətiyyətlə həyata keçirdiyi Böyük qayıdış proqramı həm Qarabağımızın, Şərqi Zəngəzurun, həm də geniş mənada Azərbaycanın yeni işıqlı sabahlarından xəbər verir: “Hazırda Qarabağ və Şərqi Zəngəzur ərazisi böyük bir tikinti meydançasına bənzəyir – nəhəng infrastruktur layihələri uğurla icra olunur, yaşayış məntəqələri tamamilə yenidən qurulur, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələr inşa olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri ilə Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan layihələr, erməni vandalları tərəfindən dağıdılmış qədim mədəni və dini abidələrimizin sürətlə bərpası istiqamətində görülən misilsiz tədbirlər xalqımız tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır”.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarının, həmçinin “N” saylı hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır”.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə nazirliyin müvafiq strukturlarının fəaliyyəti təşkil edilib:

“2021-ci ilin yanvar ayından başlayaraq, FHN-in müvafiq qüvvələri Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər. Bu işin sürətləndirilməsi məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsi yaradılıb”.

Nazir qeyd edib ki, FHN-in peşəkar fəaliyyəti Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistanla apardığı 44 günlük Vətən müharibəsi zamanı özünü xüsusilə göstərib:

“Belə ki, həmin günlərdə nazirliyin qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birgə səfərbər olunub, əhalinin mülki müdafiəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb. Nazirliyin yanğın-xilasetmə qüvvələri Ermənistan tərəfindən mülki obyektlərə, o cümlədən insanların sıx yaşadığı yaşayış məntəqələrinə endirilən mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların operativ aradan qaldırılmasını, zərərçəkmişlərin xilas edilməsi və təxliyəsini uğurla həyata keçiriblər. Bundan əlavə, həm müharibə günlərində, həm də müharibədən sonrakı dövrdə psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlarımıza yardım işi təşkil olunub. Bu məqsədlə Türkiyədən dəvət olunmuş psixoloqlarla birlikdə psixoloji problemlər yaşayan müharibə iştirakçılarına, o cümlədən qazilərə, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlara psixoloji dəstək göstərilib, onların reabilitasiyası təmin olunub”.

Əvvəlki məqaləGürcüstan səfəri buna hesablanmışdı – Paşinyan Rusiya masasına oturmaqdan niyə qorxur?
Növbəti məqalədəBinəqədidə Vətən müharibəsi şəhidi Tural Zeynalovun xatirəsi anılıb – Foto