Prezident İlham Əliyev: “Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik”

0
1758

Azərbaycan sədrliyi dövründə (Qoşulmama Hərəkatına – red.) dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.

Bineqedi.com azərtac-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirilib.

Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərdiyini qeyd edən dövlətimizin başçısı bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıb.

“Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir”, – deyə müraciətdə vurğulanıb.

Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir.

Bu gün də Azərbaycan qadınlarının elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verdiklərini qeyd dövlətimizin başçısı vurğulayıb: “Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.

Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur”.

Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür”.

Əvvəlki məqaləBinəqədidə 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Növbəti məqalədəBakıda saxta reseptlər hazırlayan dəstə üzvləri saxlanıldı – FOTO