“Bu il ərzində Azərbaycan və Ermənistan liderləri Blinkenin təşkilatçılığı ilə Münhendə ümumilikdə 4 görüş keçirib”.
Bineqedi.com xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Bununla belə, dekabrın 26-sı liderlər arasında qeyri-rəsmi görüş baş tutub. Xarici işlər nazirləri arasında il ərzində 4 görüş keçirilib. Azərbaycanın təşəbbüsü ilə Tehranda qeyri-rəsmi görüş baş tutub. Bu il iki ölkə arasında delimitasiya komissiyalarının sərhəddə 2 görüşü baş tutub. Hər iki ölkə tərəfindən reqlament təsdiq edilib. Lakin Ermənistan davamalı olaraq danışıqları imitasiya edərək əhəmiyyətli irəliləyişə imkan vermir. Hesab edirəm ki, 2024-cü ildə iki ölkə arasında fiziki görüşlərin bərpa edilməsinin şahidi olacağıq”, – deyə nazir vurğulayıb.
“2023-cü il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasi kursu uğurla həyata keçirilib”.
Onun sözlərinə görə, 2023-cü il Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə yadda qalıb:
“İl ərzində Rumıniya, Bolqarıstan, Almaniya, Monteneqronun dövlət və hökumət başçılarının ölkəmizə səfərləri baş tutub. İlboyu Cənubi və Mərkəzi Amerika, eləcə də Yaxın Şərq və Afrika ölkələri ilə də münasibətlər davam etdirilib. İl ərzində Yaxın Şərq və Afrika ölkələrindən olan 20 XİN rəhbəri ilə görüşlər keçirilib”.
Eyni zamanda nazir vurğulayıb ki, il ərzində 44 ölkə ilə 160 sənəd imzalanıb. 2023-cü ildə Azərbaycanın Slovakiyada Səfirliyi açılıb ki, bununla da ölkəmizin xarici ölkələrdəki diplomatik nümayəndəliklərin sayı 90-na çatıb. Həmçinin Azərbaycanla Avropa İttifaqı arasında bir sıra sahələrdə dialoq davam etdirilib.
“İranda səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Bu hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk vardı”.
Onun sözlərinə görə, İran tərəfi ilə bu məsələ daim müzakirə mövzusudur: “Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq isə qərar qəbul olunacaq. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkün olacaq”.