Azərbaycan Prezidenti:” Bizdə Ermənistana hücum etmək planları yoxdur”

0
3563

Prezident İlham Əliyev Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib.

Bineqedi.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Cozef Borrelin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib.

“Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, – Prezident deyib.

İlham Əliyev qeyd edib ki, bütün bunlar cənab Makronun insinuasiyalarıdır.

“Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir.

“Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?! Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. Və indi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq”, – Azərbaycan Prezidenti deyib.

Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir:

“Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq”.

Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.

Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərin müzakirə olunduğunu qeyd edib.

Eyni zamanda dövlət başçısı kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb.

Bununla yanaşı, İlham Əliyev Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

Əvvəlki məqaləMartın 3-də imtahan olacaq
Növbəti məqalədəKeçmiş məhkum cibində 12 000 manat pul olan gödəkcəni oğurladı