“Gənc alimlərə ev verməkdənsə, onlara elə maaş vermək lazımdır ki, evi özləri ala bilsinlər”.
Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın ümumi yığıncağında deyib.
O bildirib ki, gənclərə səlahiyyət vermək daha önəmlidir:
“Bizim məzunlarımız xaricdə təhsil alıb ölkəyə qayıtmağa başlayıblar. Amma geri qayıdıb nə edəcəklər? Onları geri qaytarıb onlara hansısa texniki işi gördürəcəyiksə, bu, lazım deyil, onlara müvafiq işlər verilməlidir. Onları ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq”.
“2024-cü ilin ən vacib xəbəri Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması olacaq”.
“Yəni artıq sentyabrda 1000 nəfər azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Buna uğurla nail olacağımıza inanırıq”, – o əlavə edib.
Nazir il üçün ikinci böyük təşəbbüs kimi Azərbaycan-Türkiyə universitetinin yaradılmasını vurğulayıb:
“Bu universitet ölkələr arasında qardaşlıq bağlarının elm və təhsil sahəsində möhkəmlənməsinə xidmət edəcək. İrəlidəki 7-8 ay ərzində bu ali təhsil müəssisəsinin qurulmasına nail olunacaq”.
“Azərbaycan elmini birləşdirib inteqrasiyasına nail olmalıyıq”.
“İstəyiriksə ki, milli elmimiz dünyada görünsün, bu birlik, əməkdaşlıq mütləqdir. Fərdi elm olmur, elm birlik fonunda olur”, – o deyib.
Nazir Azərbaycan elminə ayrılan maliyyənin az olduğunu bildirib:
“Bu o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək”.
Nazir qeyd edib ki, ali təhsil müəssisəsində nə qədər çox tələbə varsa, o qədər çox maliyyə var. Bu da rəqabətə yol açır.
“Elm və Təhsil Nazirliyi olaraq, 2024-cü il üçün tabeliyimizdəki ali təhsil müəssisələrinə reytinqlərinin yaxşılaşması üçün 8 milyon manatın ayrılması təmin edilib. 2026-cı ilə Azərbaycanın 3 ali təhsil müəssisəsi 800 ən yaxşı ali təhsil müəssisəsi sırasına düşməlidir. Biz bunu planlaşdırırıq”, – nazir deyib.