Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq.
Bineqedi.com saytı trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaqdır.
Belə ki, Qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər. Bu hal isə sui-istifadə hallarının artmasına səbəb ola bilər.
Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, həqiqi dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 60 manatdan 200 manata, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 54 manatdan 180 manata, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 51 manatdan 160 manata, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 48 manatdan 145 manata, baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 45 manatdan 130 manata, vergi xidməti müşaviri (ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 42 manatdan 115 manata, kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 39 manatdan 100 manata, 1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 36 manatdan 80 manata, 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 33 manatdan 65 manata, 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 30 manatdan 55 manata qaldırılması təklif edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

















