Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun YAP üzvü olan tələbələrlə görüşü keçirilib.
Bineqedi.info xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəaliyyəti, qarşıda duran vəzifələr, gənclərin ictimai-siyasi fəallığının artırılması, Azərbaycan gənclərinin tutduğu mövqe və digər bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Fərhad Möhbalıyev Yeni Azərbaycan Partiyasının ölkədə hakim partiya olduğunu və hər kəsin bu partiya sıralarında olmaqdan qürur duyduğunu bildirib.
YAP-ın ictimai-siyasi həyatda mühüm rolundan danışaraq partiya işində daim fəal olacaqlarını qeyd edib.
Daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci il noyabrın 21-də ölkəmizin ağır sınaqlara məruz qaldığı dövrdə yaradıldığını qeyd edib və keçdiyi keçməkeşli tarixdən danışıb.
Sədr Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük partiyası olduğunu, hazırda partiya üzvlərinin sayının 760 mini keçdiyini bildirib.
Natiq partiyanın dövlətin və cəmiyyətin davamlı inkişafına daim xidmət etdiyini, partiya üzvlərinin cəmiyyətin siyasi həyatında mühüm rol oynadığını vurğulayıb.
YAP Binəqədi rayon təşkilatının fəaliyyəti, həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib.
Tədbir zamanı çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri, rayon təşkilatının Gənclər Birliyinin fəalları,Akademiya koordinator Yeganə Cavadova, fəallar İltizam Vəlizadə, Cavidan Abbasov və Firdanə Allahyarova çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən və bütün sahələr üzrə gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü islahatlardan danışıblar. Çıxışçılar Gənclər Birliyinin fəaliyyətinin uğurlu olduğunu qeyd ediblər.
Sonda gənclər də öz növbəsində bu cür görüşün təşkil edildiyinə və onlarla birgə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin, diskussiyanın aparıldığına görə təşəkkürlərini bildiriblər.