Binəqədidə qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

0
2778

Bakının Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46C ünvanında fəaliyyət göstərən, “Pure Life” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.

Bineqedi.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, qablaşdırma materiallarının, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması, eləcə də işçi heyət üçün ayrıca sahələrin təşkil edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divar və tavanın tamlığının pozulduğu, qablaşdırma materiallarının yuyulması üçün asan təmizlənə bilən və gigiyenik tələblərə cavab verən yuma çanağının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.

Yoxlama zamanı götürülən nümunələrin müayinəsi nəticəsində “Loğman” əmtəə nişanlı qablaşdırılmış təbii su və filtrdən keçən su nümunələrində mikrobioloji uyğunsuzluqlar aşkarlanıb.

Faktla bağlı, qanunvericiliyə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

 

Əvvəlki məqaləPrezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Növbəti məqalədəGəncə terrorundan 4 il ötür