Binəqədidəki çoxmərtəbəli binada baş vermiş partlayışda təqsirkar kimdir?

0
2902
partlayis-qazsizma-bineqedi-azeriqaz-fhn-yangin.png

Ötən ilin iki yanvar tarixində Binəqədi rayonu Cavadxan küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş partlayışla bağlı məhkəmə prosesi başa çatıb.

Bineqedi.com qafqazinfo-ya istinadən xəbər verir ki, “Şərur” MTK-ya məxsus binanın 18-ci mərtəbəsində yerləşən mənzilin sahibi 1962-ci il təvəllüdlü Əlibaba Kəlbəliyevə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

Bildirilib ki, 2022-ci ildə Ə.Kəlbəliyevin qızı polis əməkdaşı Məhəmməd Babayevlə ailə qurub. Bundan sonra o, Cavadxan küçəsindəki evini kürəkəninə yaşamaq üçün verib və gənc ailə həmin mənzildə yaşamağa başlayıb.

Hadisə baş verən gün M.Babayev evə gəlib və az sonra mənzildə qaz sızmasından güclü partlayış baş verib. Zərbənin təsirindən M.Babayev 18-ci mərtəbədəki mənzilin pəncərəsindən Cavadxan küçəsinə düşərək həlak olub. Həmçinin evə və qonşu mənzillərə məxsus qapı-pəncərələr dağılıb, əşyalar küçəyə tökülüb. Yol kənarındakı avtomobillərə və obyektlərə ziyan dəyib. Hadisə nəticəsində bir neçə sakin də xəsarət alıb.

Ə.Kəlbəliyev hadisədən əvvəl də binada qaz sızmasının olduğunu və MTK-nın, müvafiq qurumların cavabdeh olduğunu bildirib.

O, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq etməyib və hadisədə günahının olmadığını bildirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ə.Kəlbəliyevə 4 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilməyib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

 

 

Əvvəlki məqaləƏlilliyi olan şəxslərə kredit verilmir? – AÇIQLAMA
Növbəti məqalədəYağış suları Binəqədi yollarını iflic vəziyyətə saldı – Video