Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayonu, Binəqədi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Bineqedi.com xəbər verir ki, görüşdə giriş sözü ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi tarixində silinməz izlər qoyub: “Öz siyasi fəaliyyəti zamanı milli maraqlarımızı hər zaman əlində rəhbər tutan partiyamız xalqın sonsuz inam və etimadını qazanıb”.
Bələdiyyə üzvlüyünə namizəd Mürsəl Eminov Yeni Azərbaycan Partiyasının məqsədyönlü fəaliyyətindən bəhs edib və bələdiyyə seçkilərinin ictimai-siyasi önəmini diqqətə çatdırıb. O qeyd edib ki, hər bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Yeni Azərbaycan Partiyasının fəaliyyəti milli maraqlara əsaslanır. Partiya bu zamana qədər bütün seçkilərdə möhtəşəm uğurlara imza atıb.
Mürsəl Eminov ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını vurğulayıb. O, qeyd edib ki, müstəqil ölkəmizdə bələdiyyələrin xüsusi rolu var. Bələdiyyələrin ölkəmizdə formalaşması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Mürsəl Eminov ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların Azərbaycanın inkişafını sürətləndirdiyini və milli məqsədlərin həyata keçirilməsinə imkan tanıdığını qeyd edib. Bu islahatlar bütün müstəviləri əhatə edərək xalqın rifahını artırmağa yönəlib.
M. Eminov bələdiyyə seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağını bildirib.
Görüşdə ötən dövr ərzində Binəqədi Bələdiyyəsi tərəfindən mühüm addımlar atıldığı, bugünədək bir çox layihələrin həyata keçirilməsinə və sosial məsələlərin həllinə önəmli töhfələr verildiyi qeyd edilib.
Bələdiyyə üzvlüyünə digər namizədlər – Toğrul Babayev, Qüdrəddin Verdixanov və Zəhra Əliyeva YAP-ın seçki proqramında əksini tapan hədəflərin xalqın dəstəyi ilə həyata keçiriləcəyini əminliklə bildiriblər. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Bineqedi.com
