Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi qəsəbəsinin mərkəz hissəsində abadlıq işlərinin görülməsi və “CityNet” şirkəti tərəfindən aparılmış qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, Fəxrəddin Qurbanlı küçəsinin 1-ci döngəsinə asfalt örtüyünün çəkilməsi, Emin Bağırov küçəsində sahibsiz heyvanların yığışdırılması, G.Ramazanov küçəsi 67 ünvanında kanalizasiya xəttinin təmiri, Emin Bağırov küçəsində (179 saylı məktəbin yanı) dayanacağın quraşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com





