Yeni sosial paket hansı vətəndaşları əhatə edəcək? – Deputat AÇIQLADI

0
2110
pensiya-manat

Artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib. Yeni sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək.

Bineqedi.com xəbər verir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Vüqar Bayramov deyib.

Deputat təəssüflə qeyd edib, bir sıra marjinal siyasi qruplar hətta sosial islahatlara belə kölgə salmağa çalışırlar:

“Bir sıra vacib göstəricilərə diqqət ayıraq: yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,5 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Prezident İlham Əliyevin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır”.

Vüqar Bayramov bildirib ki, fevraldan etibarən minimum pensiya məbləği 14.3 % artırılaraq 320 manata çatdırılıb.

“Bu orta və median pensiya məbləğlərində artımlara xüsusi töhvə verəcək. Sosial paket yalnız maaş və pensiya deyil eləcə də social müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlar ilə bağlı da qərarlar veriləcək. Prezident İlham Əliyev tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq”, – deyə millət vəkili əlavə edib.

Vüqar Bayramov: "Yeni sosial paket müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək"

Əvvəlki məqaləQusarda terrorçulara qarşı əməliyyat keçirilib, 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib