“Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq”.
Bineqedi.com xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bizim şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz. Bu qaydaların ölkənin digər məktəblərini, bütün ölkə coğrafiyasını əhatə etməsi üçün tamamlama işləri görülüb, son razılaşdırmalar edilib”.
Məktəbəqədər təhsil müəssisələrinə indiyədək keçirilən müsabiqələr nəticəsində 900-dən çox pedaqoji heyət işə qəbul olunub.
O bildirib ki, ötən il 11 min məktəbəqədər təhsil müəssisəsinin pedaqoji heyəti isə diaqnostikadan keçirilib.
E.Bağırov həmçinin təmayüllü siniflərin məqsədi barədə danışıb. O bildirib ki, təmayülün əsas məqsədi məktəbdən kənar müəllim hazırlığına getmədən sinifdə ali təhsil müəssisələrinə hazırlığı keyfiyyətli şəkildə təmin etməkdir: “14 ümumtəhsil müəssisəsində tam orta təhsil səviyyəsində təmayüllər təşkil ediləcək.Təmayüllü siniflərin məqsədi həmin təhsil pilləsində təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə hazırlığını keyfiyyətli şəkildə təmin etməkdir.
Şagirdlər məktədənkənar müəllim hazırlığına getmədən sinifdə öz müəllimləri ilə tədris ala bilər. Düşünürəm ki, bu ilin sonunda həmin məktəblərin nəticələrini açıqlaya biləcəyik. İnanırıq ki, repetitor yanına getmədən yüksək nəticə göstərən şagirdlərimiz olacaq”.
Eşqi Bağırovun sözlərinə görə, bu il 4500-ə yaxın müəllim işə qəbul edilib: “Onların orta yaşı 28-dir. Müəllimlərimizin əksəriyyəti gənclərdir”.
O bildirib ki, bu tədris ilinin prioritet istiqamətləri müəyyən olunub: “Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq. Həmçinin növbəti aydan özəl bağçalara qəbulla bağlı elanlar veriləcək”.