Binəqədi Rayonu Şuşa Dövlət Musiqili Dram Teatrında “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib.
Bineqedi.info Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır.
Rəsmi açılışda dövlət qurumlarının nümayəndələri, diplomatlar, yeniyetmə və gənclər iştirak ediblər. Tədbirə 3 xarici ölkədən (Türkiyə, Macarıstan və Moldova) 18 gənc qatılıb.
Tədbiri giriş sözü ilə Mərkəzin baş katibi Gülnar Xəlilova açaraq, Festivalın əhəmiyyəti barədə danışıb, yaradıcı gənclərin böyük marağına səbəb olduğunu vurğulayıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə yaradıcı gənclərə dövlət qayğısı, onların öz bacarıqlarını nümayiş etdirmək üçün yaradılan imkanlar barədə fikirlərini bölüşüb.
O, ümumilli lider Heydər Əliyevin hər zaman yaradıcı gənclərin irəli çəkilməsinə və inkişafına böyük önəm verdiyini vurğulayıb, həmin ənənənin bu gün də cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək, Festivalın təkcə Bakı şəhərində deyil, ölkəmizin digər regionlarında da keçirildiyini bildirib.
O, Festival üçün bir neçə ay bundan öncə, Bakı şəhərində yaradıcılıq dərnəyinin qurulduğunu, iştirakçı olmaq istəyənlər bu dərnəkdə bütün hazırlıq işlərini həyata keçirdiklərini qeyd edib, gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materialların yerləşdirildiyini və təlimləri keçirildiyini vurğulayıb.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral “Xarı Bülbül” festivalının böyük maraqla qarşılandığını, gənclərin yaradıcılığının inkişafına hərtərəfli dəstək verildiyini yüksək qiymətləndirib.
Qonaq Türkiyə və Azərbaycan arasında mədəni dostluq əlaqələrinə toxunub, səmimi dəvətə görə təşkilatçılara təşəkkür edib. Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutan festivalda yaradıcı gənclərin ifalarında musiqilər səsləndirilib, milli rəqslər nümayiş etdirilib, şeirlər söylənilib, tamaşalar göstərilib.
Festival çərçivəsində yaradıcı gənclərin əl işləri, rəsm əsərlərinə də baxış keçirilib.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.