Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilir.
Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.
Əlavə məlumat veriləcək.
***
Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılan Balakən RİH-in başçısı İslam Rzayev 14 ildir həmin rayona rəhbərlik edir.
O, əvvəllər bir sıra rayonlarda və dövlət qurumlarının mərkəzi aparatlarında vəzifələr tutub.
İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Daha sonra Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami və Əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.
O, həmçinin “Azəriqaz”da baş mütəxəssis, 2007–2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini olub.
İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
Ailəlidir, 3 övladı var. Qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir.
Fotoda: Fəridə Rzayeva










