Binəqədi rayonu 7-ci mikrorayon, S. S. Axundov küçəsi 95 ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib. Tədbiri giriş sözü ilə açan 126 saylı məktəbin direktoru Təhminə Əsədova tədbir iştirakçıları və qonaqları salamlayıb.
Bineqedi.info saytının məlumatına görə, T. Əsədova Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci il dönümü ərəfəsində belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və çıxış üçün sözü ərazi ilk partiyasının sədri Güləbətin Əhmədovaya verib.
Güləbətin Əhmədova Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən 1992-ci il noyabrın 21-də ölkəmizin ağır sınaqlara məruz qaldığı dövrdə yaradıldığını qeyd edib və keçdiyi keçməkeşli tarixdən danışıb.
YAP Gənclər Birliyinin sədri Nuridə Nəsibova çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov YAP-ın tarixi zərurətdən yaranan siyasi bir partiya olduğunu bildirib. Partiyanın ümummilli lider Heydər Əliyevə xalqın böyük inam və etimadının nəticəsi olaraq yaradıldığını söyləyib. Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər.
Sonda bir qrup müəllimə fəxri fərman verilib.