Bu ailələrə 200 manat – Birdəfəlik maddi yardım veriləcək

0
10993
prezident-serencam-ilham-eliyev

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Bineqedi.com xəbər verir ki, Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu Sərəncamın icrası məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 300 000 (on beş milyon üç yüz min) manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti və Maliyyə Nazirliyinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” bu gün imzaladığı Sərəncam76 min aztəminatlı ailəni əhatə edəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.

Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardımlar ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək.

Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm önəm kəsb edir. Ödənilən ünvanlı yardımların məbləği davamlı olaraq artır. 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb və hazırda 425 manat təşkil edir.

Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manata çatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulub.

Əvvəlki məqaləPrezident Rusiyadakı Zirvə görüşündə iştirak etməyəcək – Səbəb açıqlandı