Prezident İlham Əliyev Xankəndiyə getdi – Foto

0
9098

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Bineqedi.com xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verib.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə – öz dədə-baba yurdlarına qayıdıb.

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Sonra dövlət başçısı Xankəndi şəhəri Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına görülmüş işlər barədə məlumat verib.

Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Bir sözlə, burada təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün hərtərəfli imkanlar mövcuddur.

Qeyd edək ki, müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir. Azad edilmiş torpaqlarımızda təhsil ocaqlarının müasir layihələr əsasında inşası, onların zəruri tədris avadanlığı ilə təchizi, fənn kabinetlərinin, laboratoriyaların, idman infrastrukturunun yaradılması bu müəssisələrdə çalışan müəllimlərin və təhsil alan şagirdlərin hərtərəfli şəraitlə təmin olunmalarına hədəflənib. Bütün bunlar, eyni zamanda, müəllimlərin və şagirdlərin doğma yurdlarına qayıdışını sürətləndirir, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda sosial həyatın canlanmasına töhfə verir.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.

Dövlət başçısına binada yaradılacaq şərait barədə məlumat verilib.

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.

Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.

Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.

Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.

 




Əvvəlki məqaləBinəqədidə bu küçəyə asfalt çəkildi – Foto
Növbəti məqalədəBinəqədi Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib – FOTO