“Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna edilən dəyişikliyə görə, yanvar ayından qaz və işığa görə 1 manat məbləğində sabit tarif ödənilir. Bu ödəniş ilk dəfə yerinə yetirildiyi üçün bəzi abonentlərdə çaşqınlıq yaradıb. Xüsusilə, sərfiyyata görə ödənişi onlayn şəkildə müxtəlif platformadan ödəyənlər sabit tarifin qeyd edilən borcun tərkibində olduğundan məlumtsızdırlar. Bəziləri sərfiyyata görə yığılan borcu ödədikdən sonra sistemdə əlavə olaraq 1 manatın borc kimi qeyd edildiyini iddia edirlər.
Bineqedi.com xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, mənzillərə göndərilən bildirişlərdə sabit tarif əlavə olaraq qeyd edilir.
Yəni istifadə edilən elektrik enerjisinə görə yaranan məbləğlə sabit tarif üzrə aylıq 1 manat hesablanır və ödəniləcək son məbləğdə cəmlənir.
Qeyd edək ki, ötən il “Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna dəyişikliklər edildi və bu dəyişikliklər bu il yanvarın 1-dən qüvvədədir.

















