Şamaxıda zəlzələ oldu – Bakıda da hiss edildi

0
9884

Şamaxıda zəlzələ olub.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 15:52-də baş verən zəlzələnin maqnitudası 4.7 olub.

Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.

Qeyd olunub ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Sosial şəbəkə istifadəçiləri sözügedən zəlzələnin Bakı və Sumqayıt ərazisində də hiss edildiyini yazıblar.

***

Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.

Yeraltı təkanın dərinliyi 10 km təşkil edib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb”.

***

“Bu gün Şamaxıda baş verən zəlzələdə dağıntıların olması gözlənilmir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, hazırda afterşoklar davam edir, təkanlar var:

“Bu enerji boşalmasının davam etdiyinə dəlalət edir. Dağıdıcı zəlzələ ehtimalı yoxdur. Şamaxıda ardıcıl olaraq üç – 4.7, 4.3, 3.3 bal gücündə təkanlar baş verdi. İlkin beş bal gücünə yaxın təkanda normal tikililərdə fəsadların olması gözlənilmir. Ola bilər ki, yararsız, köhnə tikililərdə çatlar əmələ gəlsin.

Hazırda afterşoklar davam edir. Xırda təkanlar olmalıdır. Birinci zəlzələnin dərinliyi 20 kilometr, digərləri ardıcıl olaraq 10-12 kilometr dərinlikdə olduğuna görə, ətraf rayonlarda hiss oluna bilər. Dərində olanda hiss olunma çox olsa da, dağıntı ehtimalı minimuma enir”.

O əlavə edib ki, Azərbaycanda elə bir region yoxdur ki, 7 bal gücündən yuxarı zəlzələ baş versin.

Əvvəlki məqaləElxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəBinəqədidə yol qəzası nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan qadın xilas edilib – Video