Akademik Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi

0
9094
irade-rzazade-bineqedi

Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, yaratdığı fundamental əsərləri ilə şöhrət qazanmış böyük ziyalı, imzasını əməlləri ilə əbədi olaraq dünyamıza həkk etmiş nurlu bir insandır. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 150 əsərdə, o cümlədən 12 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapıb.

Bineqedi.com xəbər verir ki, bu fikirlər Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri İradə Rizazadənin AZƏRTAC-a təqdim etdiyi “Akademik Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə vurğulanıb ki, Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyətində diqqət mərkəzində saxlayan Zərifə Əliyeva yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmağa müvəffəq olub. Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında belə söyləyirdi: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünya ilə vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı”.

Zərifə xanım hələ gəncliyinin ilk dövrlərindən ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyaraq 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olur və oranı əla qiymətlərlə bitirir. Bu o dövr idi ki, Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Zərifə xanım bu xəstəliyə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxomanın daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Onun bu istiqamətdə apardığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva, həmçinin “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını nəşr etdirib. “Xroniki yod intoksikasiyasında oftalmologiya” mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü.

Elə həmin il oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir.

1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilən Zərifə xanım, eyni zamanda, böyük ictimai iş aparıb, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.

Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.

Azərbaycan Prezidenti İlham Əliyev Zərifə xanım haqqında belə deyir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Zərifə xanım Azərbaycan tarixinə məxsusi dəyərləri ilə iz saldı. Yaşanılan ömür yolunun səhifələri onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi.

 

Əvvəlki məqaləBinəqədidə konfrans keçirildi – Foto
Növbəti məqalədəBinəqədidə mebel sexi bağlandı – Video