“Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq”.
Bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı qeyd edib: “Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.
Prezident qeyd edib ki, qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq.
Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlət başçısı vurğulayıb: “30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək”.
“Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir”.
“Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.
Qeyd etdiyim kimi, bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir” – Prezident qeyd edib.

















