Bank kartı sifariş edərkən yalnız onun pulsuz təqdim olunmasına deyil, müqavilədə qeyd olunan bütün şərtlərə diqqət yetirmək lazımdır.
Bineqedi.com xəbər verir ki, bəzi banklar ödənişsiz təqdim etdikləri kartlar üçün illik dövriyyə tələbi müəyyən edirlər. Müştəri il ərzində tələb olunan məbləğdə əməliyyat etmədikdə, kartın illik xidmət haqqı hesabdan tutulur.
Diqqət edilməli digər məqam isə nağdlaşdırma komissiyasıdır. Bəzi kartlarda həm bankın öz bankomatlarından, həm də digər bankların bankomatlarından nağd pul çıxarılmasına görə komissiya tətbiq edilir. Bu komissiyaların məbləği isə bankdan banka dəyişir.
Bundan əlavə, kartdan karta (card-to-card) köçürmələr zamanı da əlavə ödəniş yarana bilər. Həm eyni bankın kartları, həm də müxtəlif bankların kartları arasında edilən köçürmələr üçün komissiya tutulması mümkündür.
Yüksək depozit faizi təklif edən banklarda da bəzi məhdudiyyətlər ola bilər. Məsələn, depozitdən vəsaitin nağdlaşdırılması üçün limit müəyyən edilə və ya əlavə komissiya tətbiq oluna bilər.
Bu səbəbdən bank kartı sifariş etməzdən əvvəl bütün tarif və xidmət şərtlərini diqqətlə oxumaq tövsiyə olunur. Əks halda, “pulsuz” görünən kart sonradan gözlənilməz xərclərə səbəb ola bilər.

















