Yay mövsümü ilə əlaqədar paytaxtdan çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq yeni ekspres marşrut istifadəyə verilir.
Bineqedi.com xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, iyulun 18-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə Sea Breeze istirahət mərkəzini əlaqələndirən 150E nömrəli ekspres marşrut fəaliyyətini bərpa edəcək.
Marşrut üzrə avtobuslar həftənin şənbə və bazar günləri metronun “Koroğlu” stansiyasının cənub çıxışından (“Piramida” tərəf) yola düşəcək.
Avtobusların hərəkəti zamanı aşağıdakı dayanacaqlarda sərnişinlərin minib-düşməsi təmin olunacaq:
- Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);
- Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);
- Mərdəkan prospekti (Binə qəsəbəsi);
- Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);
- 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);
- Bilgəh Kardioloji Sanatoriyası;
- Bilgəh-Pirşağı yolu (çimərlik ərazisi);
- Sea Breeze 1;
- Sea Breeze 2.
Böyüktutumlu avtobuslar sərnişinlərə 07:00-dan 22:00-dək, 30 dəqiqəlik intervalla xidmət göstərəcək.
Marşrut üzrə gedişhaqqı 0,90 manat təşkil edir. Ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək.

















