Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər.
Bineqedi.com xəbər verir ki, eyni zamanda infarktın hər insanda eyni əlamətlərlə özünü göstərmədiyi və bəzi hallarda əsas simptomların fərqli ola biləcəyi vurğulanır.
Türkiyəli kardioloq Ertuğrul Okuyanın sözlərinə görə, infarkt zamanı ən çox rast gəlinən əlamət güclü sinə ağrısıdır. Ağrı ilə yanaşı soyuq tər, ölüm qorxusu və ağrının qollara, çənəyə və kürəyə yayılması da müşahidə oluna bilər.
Lakin bəzi xəstələrdə sinə ağrısı ümumiyyətlə olmaya bilər. Belə hallarda yalnız güclü yorğunluq, nəfəs darlığı və ya narahatlıq hissi yarana bilər.
Mütəxəssislər bu səbəbdən infarkt əlamətlərinin vaxtında tanınmasının və tibbi yardıma gecikmədən müraciət edilməsinin vacibliyini qeyd edirlər.
Kardioloq Bilal Boztosun isə damar sağlamlığının yalnız ürəyə deyil, bütün orqanizmə təsir etdiyini bildirib.
Onun sözlərinə görə, damarların sağlamlığını qorumaq üçün Aralıq dənizi tipli qidalanma, mütəmadi hərəkət, ideal çəkinin saxlanılması, keyfiyyətli yuxu və siqaretdən uzaq durmaq vacibdir.
Bundan əlavə, arterial təzyiq, qan şəkəri və xolesterin göstəricilərinin nəzarətdə saxlanılması tövsiyə olunur.
Kardioloq Fethi Kılıçaslan ürək ritmində ciddi pozuntuların bəzi hallarda həyati təhlükə yarada biləcəyini bildirib.
Onun sözlərinə görə, normal nəbz dəqiqədə 60-100 arasında olur. Nəbzin əhəmiyyətli dərəcədə aşağı düşməsi huşun itməsinə, hətta qəfil ürək dayanmasına səbəb ola bilər.
Belə hallarda ürək stimulyatorlarından istifadə edilə bilər. Bəzi ciddi ritm pozuntularında isə ürəyə elektrik şoku verən xüsusi cihazlardan yararlanılır.
Ürək-damar cərrahı Cengiz Köksal texnologiyanın inkişafının ürək əməliyyatlarını da dəyişdirdiyini bildirib.
Onun sözlərinə görə, hazırda bir çox əməliyyat daha kiçik kəsiklərlə həyata keçirilə bilir. Robot, kamera və süni intellekt kimi texnologiyalardan da cərrahi proseslərdə getdikcə daha çox istifadə olunur.
Bəzi əməliyyatların ürək işlək vəziyyətdə və süni qan dövranı sistemindən istifadə edilmədən aparılmasının mümkün olduğu qeyd edilib.











