Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospekti 183 ünvanında lyukların çökməsi, Babadağ küçəsində mövcud olan su ötürücülərinin təmizlənməsi, Rövşən Hüseynov küçəsi 79 saylı ünvanda hasarın dibində olan 2 (iki) ədəd ağacın budanması, R.Aboyev adına parkın ərazisindən sahibsiz heyvanların yığışdırılması, Azadlıq prospekti 204 saylı ünvanda fərdi yaşayış evlərinin kanalizasiya xətlərinin binanın kanalizasiya xəttinə qoşulması, Cıdırdüzü küçəsi 8 saylı ünvanda sakinlərin öz vəsaitləri hesabına çəkiləcək kanalizasiya xəttinin (10-15 m) Zəngəzur küçəsinin kanalizasiya xəttinə qoşulması, Z.Qəmbərov küçəsi döngə 3, mənzil 18 ünvanında binanın dam örtüyünə qalxmaq üçün nəzərdə tutulmuş pilləkənin tamamilə yararsız və çox təhlükəli vəziyyətdə olması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
















