Yaşıllıqlara nəzarətlə bağlı yenilik – Pilot layihə Binəqədidən başladı

0
62

Yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb.

Bineqedi.info saytı xəbər verir ki, Nazirliyin Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov ilkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək.

Onun sözlərinə görə, inventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb: “Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır. Məsələn, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Naxçıvanski və Bəhlul Səttarzadə küçələrinin arasındakı müəyyən olunmuş 12-ci kvartalda 541 ağac və 273 kol mövcuddur, yaşıllıq 13.8 faiz təşkil edir.

Bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb. Proses davam edir”.

Nazirlik rəsmisi əlavə edib ki, məlumat bazasından dövlət əhəmiyyətli infrastruktur, istehsalat layihələrinin hazırlanmasında, müxtəlif tikinti işlərinin layihələndirilməsində və torpaq sahələrinin ayrılmasında mərkəzi icra hakimiyyətləri, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar da istifadə edə biləcək.

Əvvəlki məqaləBinəqədidə 64 yaşlı kişinin qarnına dəmir batıb – Təfərrüat
Növbəti məqalədəBinəqədidə daha bir səyyar qəbul – Başçı sakinləri dinlədi – Fotolar