“Adında bir neçə evi olan, obyektlərini icarəyə verənlər də 190 manat üçün müraciət edib”

0
67

“Müraciətlərin təhlili göstərir ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər”.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov sosial şəbəkədəki səhifəsində məlumat verib.

Bildirib ki, artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir:

“Birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır. Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır.

Bu günədək baxılmış müraciətlərdən

– Müqavilə ilə işləyən və əmək haqqı alanlar – 260 min;

– Aktiv VOEN-i olanlar – 160 min;

– Dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar – 150 min;

– Ölkə xaricindən müraciət edənlər – 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər);

– Özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar – 29 min;

– İcarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər – 9 min və s.

Təbii ki, bütün bu müraciətlərə imtina cavabı verilir”.

F. Talıbov bildirib ki, müraciət edənlərin sırasında mülkiyyətində 4-5 və daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri və s. olanlar az deyil:

“Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?! Yaxud son 3 ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajiataj yaratmalarına nə ad qoymaq olar?
Təəssüf ki, bir çox məlumatlar fərdi xarakter daşıdığından belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz.

Düşünürəm ki, belə şəxslər ictimai qınaqla sərt şəkildə üzləşməli və insanlarımızın milli həmrəylik göstərdiyi pandemiya dövründə, milyonlarla vətəndaşımıza Azərbaycan dövləti, şirkətləri, vətəndaşları tərəfindən dəstək verildiyi vaxtda fürsətcillik edən, aztəminatlı insanların haqqına girməyə çalışan şəxslərə imkan verməməliyik”.

Son olaraq vurğulanıb ki, qeyd olunan hallar müraciətlərə baxılması və emalında e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi rayonu ərazisində dezinfeksiya işləri mütəmadi həyata keçirilir
Növbəti məqalədəBinəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi aztəminatlı ailələrə sovqat paylayır