YAP Binəqədi rayon təşkilatının Gənclər birliyinin bir qrup üzvü YAP İcra katibliyinin “Yay məktəbləri” layihəsi çərçivəsində Oğuz rayonundan istirahətdən qayıdıblar.
Bineqedi.info-nun məlumatına görə, bu münasibətlə YAP Binəqədi rayon təşkilatının qərargahında rayon gənclər birliyinin üzvləri ilə görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər Birliyinin idarə heyətinin üzvləri, YAP könüllüləri iştirak ediblər. Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov YAP-ın icra katibliyi tərəfindən müntəzəm olaraq keçirilən və artıq ənənəyə çevrilən “Yay məktəbləri” barədə məlumat verib. Yay məktəblərinin Ümumilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsində, gənclər arasında, dostluq və mehribançılıq mühitinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb və sözü YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədrinin vəzifələrini müvəqqəti icra edən Anar Əliyevə verib. Anar Əliyev öz çıxışında ilk öncə bu layihənin təşkilinə şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti, Partiyanın sədri Cənab İlham Əliyevə təşəkkürünü bildirib. Yay məktəbində istirahət etdiyi günlərdə, burada keçirilən görüşlərdən, tədbirlərdən, təcrübə mübadiləsindən ətraflı söhbət açıb. Anar Əliyev Yay məktəbində olduqları müddətdə yeni-yeni maraqlı proqramlarla tanış olduqlarını, yeni dostlar tapdıqlarını, təcrübə mübadiləsi apardıqlarını qeyd edib və bütün bunların gənclərin sonrakı fəaliyyətində mühüm rol oynayacağını bildirib. Yay məktəbinin iştirakçıları Anar Əliyev, Göyüşov Göyüş, Tofiq Mövsümov, Fidan Əhmədzadə və digərləri çıxış edərək gənclərlə öz təəssüratlarını bölüşüblər.