Əlilliyin təyini ilə bağlı meyarlar dəyişir

0
25

“Əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təkmilləşdirilmiş layihə işləyib hazırlayıb”.

Bineqedi.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev REAL TV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, hazırkı qanunvericilik müfəssəl deyil və günün tələblərinə cavab vermir:

“Dövlət başçısının tapşırığı ilə yeni əlillik meyarları işlənib hazırlanıb. Əvvəllər əlillik meyarları dar çərçivədə – üç qrupda müəyyənləşdirilirdisə, yeni layihədə əlillik dərəcəsinin faizlə qiymətləndirilməsi nəzərdə tutulur.

Yeni layihə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən hazırlanıb. Burada ən yaxşı beynəlxalq  təcrübə öyrənilib. Həmçinin, bu, 120 vərəqlikdir, kifayət qədər meyarları əhatə edir. Əlillik meyarları sahəsində islahatlara uzun müddət tələb olunur.

Bir ildən çoxdur ki, bu proses gedir. Çətinlik odur ki, bütün qanunvericilik dəyişilməlidir. Artıq layihə Nazirlər Kabinetinə təqdim edilib. Yaxın aylarda ölkə rəhbərliyi tərəfindən təsdiq olunsa, Milli Məclisə təqdim ediləcək. Növbəti ildən artıq yeni meyarlar tətbiq olunacaq”. Nazirlik rəsmisi sosial şəbəkələrdə əlilliyin təyinatı ilə bağlı şikayətlərə də aydınlıq gətirib. O bildirib ki, indiyə qədər əlillik təyinatları hazırkı qanuna əsasən müəyyənləşdirilirdi:

“Yaranan narazılıqlar əlilliyin müəyyən olunmasında meyarların köhnəliyindən irəli gəlir. Bu qanun təkmil olmadığından qeyd olunan narazılıqlar ortaya çıxırdı. Bütün nazalıqlar Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən diqqətdə saxlanılır. Xüsusilə də qazilərimizin əlilliyinin sürətlə və operativ şəkildə müəyyənləşdirilməsi sahəsində nazirlik tərəfindən iş aparılır. Bununla bağlı Nazirlər Kabinetinin 13 yanvar tarixli qərarı ilə xüsusi komissiya yaradılıb və Əmək və əhalinin sosial müdafiəsi naziri bu komissiyaya sədr təyin edilib”.

Nazirlik rəsmisi vurğulayıb ki, hazırkı qanunvericiliklə ayağın dizdən aşağı amputasiyası zamanı şəxsə 3-cü dərəcə əlillik,  hər iki ayağın amputasiyası zamanı 1-ci  dərəcə əlillik, dizdən yuxarı amputasiya olarsa, ikinci dərəcəli əlillik müəyyən edilir:

“Yeni meyarlarla təyinat isə orqanizmin funksiyalarının itirilməsi ilə müəyyənləşdiriləcək. Məsələn, birinci qrup əlilliyə orqanizmin funskiyalarının 80 faiz itirilməsi uyğun olacaq”.

Nazirliyin şöbə müdiri indiyədək 105-dən çox Vətən Müharibəsi qazisinə əlillik təyinatı verildiyini deyib:

“Hərbçilərin əlilliyinin təmin olunması üçün ilk növbədə ordudan tərxis olunmalıdırlar. Əliliyinin müharibə ilə bağlı olması müəyyənləşdirilməlidir. Bu isə Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən xəstəlik haqqında şəhadətnamədə müəyyənləşir.

Artıq 8500-dən çox qazi evində müayinə olunub. 300-dən çox qazi barədə protokol tərtib edilib. 105-dən çox qaziyə isə əlillik təyinatı aparılıb”.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti sosial şəbəkədə yayılmış məlumatlara münasibət bildirib – Açıqlama
Növbəti məqalədəBinəqədidə bu tikililər sökülür – Fotolar