ATƏT PA-nın ötən gün işə başlayan qış sessiyasında erməni nümayəndə heyətinin rəhbəri Hayk Koncaryan növbəti dəfə Azərbaycana böhtan atmağa çalışıb.
Bineqedi.info saytı xəbər verir ki, Hayk Koncaryanın Azərbaycanın müharibə vaxtı guya terrorçulardan istifadə olunması haqqında ittihamına ölkəmizin nümayəndə heyətinin rəhbəri Azay Quliyev sərt cavab verib.
“Ermənistan axırıncı ölkədir ki, antiterror fəaliyyətindən bəhs edə bilər. Çünki bu dövlət rəsmi şəkildə terroru dəstəkləyən və təşviq edən ölkədir. Ermənistan Azərbaycanda çoxlu sayda terror aktı törədib, indi isə Azərbaycana qarşı yalan məlumatlar yaymaqla məşğuldur.
Bildirmək istəyirəm ki, bu yalanlar Ermənistana heç bir fayda gətirməyəcək. Mən ATƏT PA-nın müvafiq qurumlarını Ermənistanın bu qanunsuz hərəkətlərinə qiymət verməyə çağırıram. Ermənistan nümayəndə heyəti çıxışlarında ehtiyatlı olmalı, yalan məlumat yaymağı dayandırmalı, etik qaydalara və parlament dilinə əməl etməlidir”, – deyə Azay Quliyev qeyd edib.
Bineqedi.info