”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb. Bineqedi.info saytına verilən məlumata görə, yeni yaradılmış şöbənin müdiri vəzifəsinə 2016-cı ilin aprel döyüşlərində torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda şərəfli döyüş yolu keçmiş Səməndər Müqamət oğlu Mənəfov təyin edilib.
Səməndər Müqamət oğlu Mənəfov 16 avqust 1990-cı ildə Kürdəmir rayonu Xınıslı kəndində anadan olub. 1996-cı ildə Xınıslı kənd A.Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub, 2004-cü ildə təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirib.
2007-ci ildə liseydə təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2011-ci ildə leytenant rütbəsi alaraq Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təhsilini təkmilləşdirib.
2012-ci ildə N saylı hərbi hissənin tağım komandiri vəzifəsinə təyin olunmuş, həmin ili avqust ayında isə Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu keçdikdən sonra xidmətini Xüsusi Təyinatlı qüvvələrdə qrup komandiri olaraq davam edib.
2014-cü ildə baş-leytenant rütbəsinə yüksəldikdən sonra Pakistan İslam Respublikasında “Antiterror”, Türkiyə Respublikasında “Sərbəst Paraşüt” kursunlarını bitirmiş və digər ölkələrdə təlimlərdə iştirak etmişdir.
2016-cı il aprel döyüşlərində ağır yaralandığı üçün ordu sıralarından tərxis edilmişdir.
2017-ci ildən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ilk öncə laboratoriya rəisi, daha sonra isə müəllim vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə, 2016-cı ildə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018), Azərbaycan Respublikasının yubiley medalı ilə, düşmən təxribatının qarşısını alarkən döyüşlərdə uğurlu əməliyyatına görə 2014-cü ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
Ailəlidir, 2 övladı var.
Bineqedi.info