Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi qazilərinin mühərrikli təkərli oturacaqla təminatına başlanıb.
Tədbirdə Agentliyin sədri Cavid Əbdül-Qədirov Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq, qazilərimizlə bağlı genişmiqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini vurğulayıb. O bildirib ki, dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.
Agentlik sədri qazilərin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatına başlandığını, artıq 15 hərbçinin yüksək texnologiyalı protezlə təmin edildiyini, bu sahədə işlərin davam etdirildiyini qeyd edib. Əlavə olaraq postmüharibə dövründə 210 qaziyə də 1 220 reabilitasiya vasitəsi verildiyini diqqətə çatdırıb.
Bütün bunlar ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həm reabilitasiya infrastrukturunun, həm də reabilitasiya texnologiyalarının müasirləşdirildiyini göstərir.