Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb.
Bineqedi.info saytı xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.
Əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Bildirilib ki, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Bineqedi.info