Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.
Bineqedi.info xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Hünərli kəndindəki Alban məbədi ilə tanış olublar.
Prezident İlham Əliyev çıxışı zamanı deyib: ”
“Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar.
İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Bu qədim Alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar. Bəlkə burada da heyvan saxlayıblar, burada da dəmir-dümür saxlayıblar, orada o dəmir-dümürlərin bir hissəsi qalıb. Ona görə hər kəs bunu görməlidir, bilməlidir. Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb.
Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də, gəlin buraya, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı – “İqor”, “Aşa”? Uçub dağılıb, qapını da yandırıblar”.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Tuğ kəndində olublar.
Prezident İlham Əliyev: “Tuğ kəndinə kəndinə gəlmişik. Tuğ kəndi qədim Azərbaycan kəndidir.
Birinci xanım Mehriban Əliyeva: Budur məktəbin binası?
Prezident İlham Əliyev: Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün, nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq.
Tuğ kəndində azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evləri. Buradan bütün dağıntılar yaxşı görsənir.
Təbii ki, Tuğ kəndinin sakinləri öz evlərini tanıyırlar. Əminəm ki, yaxın gələcəkdə Tuğun sakinləri öz doğma kəndlərinə qayıdacaqlar.
Görün, Azərbaycan necə də gözəldir. Qarabağ necə də gözəldir. Dağıdılmış bütün kəndləri, şəhərləri bərpa edəcəyik.
Dövlətimizin başçısı və xanımı Tuğda Alban məbədində oldular.
Prezident İlham Əliyev: Bunlar növbəti erməni saxtakarlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur.
Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq”.
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azıx kəndinə yola düşüblər.
Dövlətimizin başçısı: “Tuğ kəndindən çıxdıq, indi gedirik Azıx kəndinə. Azıx da qədim Azərbaycan kəndidir, qədim yaşayış yeridir. Buraların təbiəti də çox gözəldir.
Azıx kəndinə yaxınlaşırıq. Qarabağın gözəl mənzərəsi. Bura Azıx kəndinin ərazisidir.
Azıx mağarasına gedirik, hələ yolumuz uzaqdır.
Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik, fiziki formamızı göstərmişik. İndi girəcəyik Azıx mağarasının içinə. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.
Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.
Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Bax, buradan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.