Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında pandemiya dövrünün şərtlərinə uyğun olaraq keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatı Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, RİH başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdiri Nicat Allahverdiyev, rayonun bir qrup ziyalıları və ağsaqqalları iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının böyük əhəmiyyətindən danışıb.
Sonra Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev hesabat məruzəsi ilə çıxış edib. Daha sonra Milli Məclisin deputatı Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov gündəlikdə duran məsələləri elan edib.
Ağsaqqallar Şurasının üzvləri və Şura üzvlərindən ibarət İdarə Heyəti səsvermə ilə müəyyən edildi.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə yenidən İdarə Heyətinin üzvü, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyev seçilib.
Tədbir Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Akif Rəfiyevin çıxışı ilə davam etdi.
A. Rəfiyev çıxışında ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə etdi, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün rayonun ziyalıları, ağsaqqallları ilə birgə bütün imkanlarını səfərbər edəcəyini bildirdi. Rayon Ağsaqqallar Şurasının sədr müavini vəzifəsinə rayon ziyalısı Cahangir Qocayev seçildi. Tədbirdə həmçinin rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri, 9 ərazi təşkilatı üzrə – dörd mikrorayon və beş qəsəbə üzrə üzvlər və təşkilat sədrləri müəyyənləşdirildi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindən biri olduğuna toxunaraq bunun milli düşüncəmizin dərinliklərində möhkəm kök salmış ənənə olduğunu qeyd etdi. Rayon rəhbəri ağsaqqallara dövlət səviyyəsində göstərilən ehtiramdan danışdı, Ulu Öndər Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyevin ağsaqqallara dərin hörmət və ehtiramla yanaşdığını və onları xalqımızın mənəvi sərvəti kimi dəyərləndirdiyini vurğuladı. Natiq çıxışının sonunda koronavirus infeksiyasına qarşı aparılan mübarizədən, əhalinin maarifləndirilməsi, vaksinasiya olunması sahəsində görülən işlərdən danışaraq, ağsaqqalları görülən işlərdə daha fəal iştirak etməyə çağırdı.
Sonda Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov çıxış edərək ölkəmizdə ağsaqqal sözünün nüfuzundan, ulu öndər Heydər Əliyevin dövlət başçısı olmaqla yanaşı, el ağsaqqalı kimi beynəlxalq səviyyəli geniş fəaliyyətindən danışdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd etdi. Eldar İbrahimov ölkəmizdə aparılan siyasətə ağsaqqalların fəal münasibət bildirmələrini, əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini bildirdi.
Natiq vurğuladı ki, bu gün də gənclərin dövlətə, xalqa sadiq, vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində daim ağsaqqallara böyük ehtiyac vardır.
Sonda Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev Binəqədi rayonunun sosial-iqtisadi, ictimai- siyasi həyatında fəal iştirakına görə, həmçinin 85 illik yubiley münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı Elxan Allahverdiyevin imzaladığı Fəxri Fərmanla təltif edildi.
Bineqedi.info