Milli birliyimiz yeni zəfərlər yaradır

0
30
vusar ismayilov
Qarabağda erməni işğalçılarına qarşı aparılan 44 günlük Vətən müharibəsi ölkəmizin gücünü, qüdrətini beynəlxalq aləmə nümayiş etdirdi. Müharibə dövründə cəmiyyətin bütün təbəqələrinin bir nəfər kimi ölkə prezidentinin ətrafinda sıx birləşməsi bir daha Azərbaycan xalqının dünyanın ən böyük xalqlarından olduğunu göstərdi. Artıq işğala son qoyulub, bütöv və yenilməz Azərbaycan var. Qalib Azərbaycan erməni vandallarının viran qoyduğu ərazilərdə həyatın bərpa olunması, kommunikasiyaların qurulması istiqamətində ciddi addımlar atır. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanların ailələri, Qarabağ müharibəsi əlillərinə, qazilərə diqqət və qayğısı dövlət siyasətinin prioritet istiqamətidir.
Vətən müharibəsindən keçən 5 ay ərzində bütün şəhid ailələrinin, qazilərinin, müharibə başa çatdıqdan sonra onun ağır nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən geniş tədbirlər həyata keçirilib. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun vəsaiti hesabına şəhid ailələrinin, qazilərin, əlillərin istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlər həll olunur. Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir.
Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Eyni zamanda, “YAŞAT” Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün humanist layihə həyata keçirək, onların analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinət, şəhidlərimizin yeni doğulan övladlarının adına isə bankda depozit hesabı açılır və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürülür.
Əminliklə demək olar ki, “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsində əhəmiyyətli rola malikdir. Fonda daxil olunan vəsait şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi və digər istiqamətlərdə istifadə olunur. Cəmiyyət və dövlət birliyinin təcəssümü olan “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin təcəssümüdür, eləcə də milli birliyin qorunmasına töhfədir. 30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir. Fondun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq.
Bütün bunlar ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışında deyib. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib: Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. O fikri vurğulamaq lazımdır ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə diqqət və qayğının göstərilməsin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1994-cü il avqust ayının 26-da Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərmanı müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan mütərəqqi addım oldu. Bu gün Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Qarabağ əlilərinə, şəhid ailələrinə qayğı, onların sosial-məişət problemlərinin həll edilməsi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Söz yox ki, dövlət dəstəyi hesabına qısa müddətdə bütün şəhid ailələrinin, qazilərinin sosial-məişət problemləri tamailə həll ediləcək. Həm də, işğaldan azad edilən ərazilərimiz də geniş quruculuq, abadlıq, inşa işləri aparılacaq, keçmiş qaçqın və məcburi köçkünlərimiz öz yurd, yuvalarına qayıdacaq və bununlada o yerlərdə yeni həyat başlayacaq.
Vüsar İsmayılov,
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini,
YAP Binəqədi rayon təşkilatının sədr müavini
Əvvəlki məqaləPaşinyan Putini Fransa Prezidenti ilə səhv saldı – Video
Növbəti məqalədəBinəqədidə mağazadan oğurluq edən şəxs tutuldu