Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi: “Gənc nəsil tarixi həqiqətləri bilməlidir”

0
49
bineqedi namiq tarverdiyev
Bu gün Azərbaycan beynəlxalq arenada özünəməxsus siyasi mövqeyi olan və bu mövqeyi qorumaq imkanlarına malik, müstəqil siyasi kurs sərgiləyən, daim dünyanın diqqət mərkəzində olan Qafqaz regionunun ən müstəqil siyasət yürüdən ölkəsidir.
Qarabağın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsindən sonra Qafqazı öz nüfuz dairəsinə çevirmək istəyən beynəlxalq siyasi güclər daha aydın şəkildə anladılar ki,Azərbaycan əvvəlki böyük dövlətlərin diqtəsi ilə davranan zəif ölkə deyil. Bu coğrafiyada onun iştirakı olmadan beynəlxalq iqtisadi-siyasi layihələrin gerçəkləşməsi mümkün deyil. Qafqaz regionunun tale yüklü məsələlərində Azərbaycan əsas söz sahiblərindən biridir.
Bu günə gəlib çıxana qədər ölkəmiz, xalqımız çox uzun və çətin bir mübarizə yolu keçmiş, bu yolda saysız -hesabsız qurbanlar vermişdir. 90-cı illərdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, uzun müddətə hesablanmış, proqram səciyyəli, dahiyanə siyasətə ardıcıl əməl edərək böyük məqsədə doğru addım – addım irəliləyən Azərbaycan dövləti həmişə istər daxili, istər xarici siyasətdə hüquq normaları çərçivəsində əməkdaşlığa əsaslanmış, hətta məkrli düşmənin təhrikedici siyasətinə və xain hücumlarına qarşı yüksək təmkin nümayiş etdirərək siyasi humanizm prinsiplərinə daim sadiq qalmışdır. Qafqazda sabitliyin bərpası, hərbi münaqişələrin danışıqlar yolu ilə həlli, əməkdaşlıq körpülərinin yaradılması ideyası indi də xarici siyasətin əsasını təşkil edir. Biz bütün problemlərin beynəlxalq hüquq və ədalət prinsipləri əsasında həllinin tərəfdarıyıq.
Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin 13 aprel 2021-ci il tarixində ADA universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzulu beynəlxalq konfransda etdiyi tarixi çıxışında bu fikirlər öz geniş əksini tapmışdır.
Azərbaycanın milli siyasətində türklükdən gələn tolerantlıq, digər etnik qrupların hüquqlarına hörmətlə yanaşma tərzi aparıcı istiqamət təşkil edir. Müstəqil Azərbaycan dövləti yarandığı vaxtdan insan və vətəndaş hüquqlarının qorunması işinin ən yüksək səviyyədə təşkili yolunda təqdirə layiq addımlar atılmış, qərar və qanunlar qəbul edilmişdir. “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının tələblərinin təmin edilməsi sahəsində Azərbaycan Avropa ölkələrinə nümunə ola biləcək bir təcrübəyə sahibdir. Milli problemlərin qarşılıqlı hörmət əsasında həlli uğurla həyata keçirilib.
Milli və dövlət təəssübkeşliyi bizim siyasətin digər istiqamətini təşkil edir. Müharibə dövründə mülki əhaliyə qarşı erməni barbarları tərəfindən işlənən cinayətlərə, özbaşınalığa, beynəlxalq hüquq normalarının pozulmasına göz yuman, İrəvanın revanş niyyətlərini dəstəkləyən, münaqişənin həllinin məqsədli şəkildə ləngiməsinə şərait yaradan beynəlxalq təşkilatların və həmin təşkilatların arxasında duran, münaqişənin uzadılamasında maraqlı olan qüvvələrin arzusu reallaşmayacaq. Biz buna imkan verməyəcəyik. Dövlət müstəqilliyimizə qarşı yönələn hər hansı təşəbbüs, təhdid, və ya fikir qarşılqsız qalmayacaq. Azərbaycan dostuna layiqli dost olduğu kimi, düşməninə də layiqli düşməndir.
Qadağan olunmuş silahlardan mülki əhaliyə qarşı istifadə olunması, müharibə qanunlarının vəhşicəsinə pozulması, heç bir hərbi qüvvənin yerləşmədiyi Şuşa şəhərinə “İsgəndər M” roketinin atılması və bu kimi bir çox qəbul olunmaz hallara görə məsuliyyət daşıyan qüvvələr, kim olursa olsun, Azərbaycan dövlətinə və dünya ictimaiyyətinə cavab verməlidir.
İctimai təşkilatların yaxın gələcəkdəki fəaliyyətində əsaslanacağı proqram səviyyəli həmin çıxışda qeyd olunan tarixi həqiqətlərin təhrif olunmadan xalqın yaddaşında qalması üçün lazım olan bütün tədbirlərin həyata keçirilməsi, beynəlxalq ictimaiyyətin düzgün şəkildə məlumatlandırılması üçün, gənclərin xalqımıza qarşı törədilən tarixi cinayətlər, soyqırımlar, milli ayrıseçkilik və tarixi həqiqətlərin təhrif olunması ilə bağlı faktlarla daha yaxından tanış olması üçün, Gənclər və İdman İdarəsi olaraq işimizi daha səmərəli şəkildə qurmalı, Azərbaycanın gələcək inkişafı naminə var qüvvəmizlə çalışmalıyıq. İnanıram ki, bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəyik.
Namiq Tarverdiyev,
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi
Əvvəlki məqaləBinəqədi Gənclər Evi “Könüllülük Akademiyası4” layihəsinin icrasına başlayır
Növbəti məqalədəBinəqədi rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib – Fotolar