Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri əbədidir

0
57
aslan mehdiyev

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir. Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı faktorlardır. Fevralın 25-də imzalanan daha bir mühüm sənəd nəqliyyat sahəsinə aid oldu. Belə ki, iki qardaş ölkə daha bir dəmir yolu vasitəsilə birləşməyi düşünür. Söhbət Qars–Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumundan gedir. Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında nəqliyyat sahəsində böyük nailiyyətlərimizin olduğunu vurğuladı və Qars–Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumunun imzalanmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı: “Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir”. Dövlət başçımız əlavə etdi ki, Qars–İğdır–Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı və əhalinin rifahı daha da yaxşılaşacaqdır. Prezident İlham Əliyev əmin olduğunu açıqladı ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaqdır.
Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir.
2020-ci ildə işğal olunmuş Qarabağ torpaqlarının əks hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi əməliyyatları zamanı Türkiyə dövlətinin və onun prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Qardaş dövlətin diplomatlarının bu istiqamətdə bizə verdiyi dəstək uzun illər sonra da mütəxəssislər tərəfindən öyrənilməlidir.
44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Hər iki siyasi partiya üzv olduqları müxtəlif siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclər platformalarında birgə fəaliyyətdə uğurlu yol qət edəcək.
Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

Aslan Mehdiyev
Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri

Əvvəlki məqaləHəftəiçi təşkil olunacaq yarmarkaların ünvanları – SİYAHI + Fotolar
Növbəti məqalədəDövlət Yol Polisindən AVRO-2020 ilə bağlı əhaliyə MÜRACİƏT