Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin məzunu Ranal Qurbanov 18-23 iyul 2021-ci il tarixlərində Portuqaliyada onlayn təşkil olunmuş 76 ölkədən 296 şagirdin iştirak etdiyi 32-ci Beynəlxalq Biologiya Olimpiadasında (IBO2021) uğurlu nəticə göstərərək qızıl medala layiq görülüb.
Bineqedi.info saytı xəbər verir ki, bundan əlavə, o, 2020-ci ildə “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında da uğur qazanaraq gümüş medalla təltif olunub.
Qeyd edək ki, Ranal Qurbanov Azərbaycan və Türkiyənin 6 nüfuzlu universitetində (Azərbaycan Tibb Universiti, Türkiyənin Acıbadəm Universiteti, İstanbul Cərrahpaşa Universiteti, Koç Universiteti, Bahçeşehir Universiteti və Eskişehir Osmanqazi Universiteti) tibb ixtisası üzrə təhsil almaq imkanı əldə edib.
Hal-hazırda Ranal Qurbanov 1 il müddətində Amerika Birləşmiş Ştatlarında kurs keçəcəyi üçün müvəqqəti olaraq qəbul olduğu İstanbul Cərrahpaşa Universitetində təhsilini dondurub.
Binəqədi rayonu ictimaiyyəti adından Ranal Qurbanovun timsalında bütün şagird və məzunlara gələcək təhsillərində, fəaliyyətlərində uğurlar və Azərbaycanın gənclər siyasətində fəal iştirak etmələrini arzu edirik.