Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Bineqedi.info xəbər verir ki, bununla əlaqədar olaraq bu gün bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.