1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin saldılar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılmışdır. İşğal nəticəsində ermənilər rayondakı mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı və yerüstü sərvətləri, zəngin su mənbələrini dağıdıb, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarlarını kəsimişdirlər. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan, 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilmiş və kənddə insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə isə Cəbrayılı bütövlükdə azad etdi. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin bir ili tamam oldu. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından tamamilə azad edildi.
Qeyd etmək istəyirəm ki, 30 ilə yaxın bir dövr ərzində erməni faşistləri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlıarının geri qaytarılması ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin tələblərinə əsasən həmsədr dövlətlərin iştirakı ilə Ermənistan rəhbərliyi ilə danışıqlar aparılsa da heç bir müsbət nəticə vermirdi. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün bunlara və davamlı olaraq yurdumuzun sərhəd bölgələrinə silahlı hücumlarına dözməyən Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hücumunu adekvat cavablandırdı. 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə əldə etdik. Ötən müddət ərzində dövlətimizin başçısı İlham Əliyev dəfələrlə azad olunmuş ərazilərdə olmuş, aparılan ilkin quruculuq işləri ilə yerində tanış olaraq tapşırıqlarını vermişdir.
Azərbaycanın müharibədə qalib gəlməsindən 6 gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı.2020-ci il noyabrın 26 Cəbrayılın azad olunmasına görə medalı təsis edildi: Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu medalla təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl şəhərinə, yurdumuzun bu dilbər güşəsinə növbəti səfəri 2021-ci il 04 oktyabr tarixində baş tutub. Səfər çərçivəsində Prezidentimiz bir sıra təməlqoyma tədbirlərində iştirak etdi.
Bir sözlə, 44 günlük müharibə Azərbaycanın gücünü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpalarımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanına çevrilib, hər bir günü bizim üçün əzizdir, doğmadır.
Rəcəbova Yeganə,
Binəqədi rayon Rizvan Pirnəzərov adına 299 saylı məktəb liseyin tarix müəllimi