Azərbaycanda əhalinin sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biridir. Belə ki, sağlam insan və güclü səhiyyə uzunmüddətli, dayanıqlı inkişafı təmin etmək üçün insan resurslarına nail olmağa imkan verir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələrdə olduğu kimi əhalinin sağlamlığının qorunması məsələsini də daim diqqət mərkəzində saxlamış, bu məqsədlə çoxsaylı xəstəxanalar, tibb mərkəzlərinin yaradılmasına nail olmuşdur. Məhz Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə səhiyyə sisteminin inkişafı üçün münbit şərait formalaşdırılmış, bu sahədə gələcək nailiyyətlər üçün əlverişli zəmin yaradılmışdır.
Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən birini də əhalinin sağlamlığının qorunması təşkil edir. Vətəndaşların sağlam həyat tərzi, mümkün xəstəliklərdən qorunma vəziyyəti davamlı olaraq dövlət başçısının diqqət mərkəzindədir. Bu sahədəki məqsədyönlü dövlət siyasətini sistemli şəkildə həyata keçirmək istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa dəstəyi ilə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının bilavasitə nəzarəti ilə tibb müəssisələrinin təmir və bərpası, maddi-texniki bazasının gücləndirilməsi, onların ən müasir avadanlıqlarla təchiz olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin daha dolğun təşkili Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində bu sahəyə göstərilən diqqətin əyani sübutudur.
27 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə cari ilin əvvəlində pandemiya ilə mübarizə sahəsində ölkə Prezidentinin verdiyi qərarların, onun təşəbbüsü və rəhbərliyi ilə operativ olaraq qabaqlayıcı və effektiv tədbirlərin həyata keçirilməsi, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. 2019-cu ilin noyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya kimi qiymətləndirilən koronavirus xəstəliyinə ölkəmizdə ilk yoluxma 28 fevral 2020-ci il tarixində qeydə alınmışdır.
Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görüldükdən sonra, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 2021-ci il yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılmışdır.
Bir həkim olaraq bildirmək istəyirəm ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. İnsanı 1 və ya 2 həftə xəstə edən “COVID-19” virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Bunun real keys olmasının səbəbi, zənnimcə konspiraloji nəzəriyyələrin mövcudluğudur. Müəyyən bir kütlə insanlar hansısa səbəbdən elmin və dövlətlərinin tövsiyyələrindənsə, əsassız olan nəzəriyyə və fikirlərə inanmağa daha çox meyilli olurlar. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.
Pandemiya ilə uğurlu və çevik mübarizə siyasəti Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Bu gün Azərbaycanda əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Ümumiyyətlə, hər zaman yoluxucu xəstəliklər zamanı yeganə xilas peyvənd olub. Hətta əsrlərin təcrübəsi “peyvəndlənməyi seçmək yaşamağı seçmək deməkdir” reallığını yaradıb. Təsadüfi deyil ki, 1916-1920-ci illərdə 2 milyardlıq dünya əhalisinin 30 faizi ispan qripinə yoluxmuş, bu təhlükəli virus 50 milyon insanın ölümünə səbəb olmuşdu. Bu rəqəm birinci Dünya müharibəsində həlak olan insanların sayından çoxdur.
Ölkəmizdə vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. Bu ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi ilə başlanılıb və mərhələli şəkildə həyata keçirilir. Proses genişləndikdən sonra ölkədə vəziyyətin daha da yaxşılaşacağına ümidlər çoxdur.
Unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitməyib. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artır. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Məhz bu zaman mövcud vəziyyəti olduğu kimi saxlaya bilərik.
Əsədulla Sultanov, Ə.D.Məlikov adına “Binəqədi Tibb Mərkəzi” publik hüquqi şəxsin direktoru, Tibb üzrə fəlsəfə doktoru.