Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən Elə Bir Zirvəsən!” mözusunda tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və idarə əməkdaşları, Binəqədi rayon 248 nömrəli tam orta məktəbin Tarix müəllimi Elmira xanım Əliyeva, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Baxşəliyev və Akademiyanın tələbələri iştirak edib.
Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu islahatları ilə bağlı çıxış üçün ilk söz Binəqədi rayon 248 nömrəli tam orta məktəbin tarix müəllimi Elmira Əliyevaya verilib.
Çıxış edən qonaq Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyəti gəlməsi ilə Azərbaycanda yaranmış yeni reallıqlardan, dövlətimizin xarici və daxili siyasətindən söz açaraq, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını yerinə yetirən dahi bir şəxsiyyət olduğunu gənclərin diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sahil Hüseynzadə bənzərsiz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin banisi kimi həyata keçirdiyi milli siyasət kursundan söz açmış, müasir və müstəqil Azərbaycanın qurucusu hesab edilən Ulu Öndərin milli-mənəvi dəyərlərimizin dirçəlməsində əvəzsiz xidmətlərindən danışmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Baxşəliyev dahi Liderin gənclər siyasətini, gənclərimizin inkişafı üçün atdığı addımları və bu sahədə həyata keçirilən dövlət proqramlarını iştirakçılarla bölüşmüşdür.
Sonda Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev çıxış edərək qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə olan etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsini daim önə çəkən Ulu Öndər ideyalarının 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdığını dilə gətirmiş və bildirmişdir ki, bu gün əminliklə demək olar ki, Ulu Öndərin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub və Ali Baş Komandan, prezident cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.
Tədbirin sonun xalqımızın ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevdən bəhs edən videoçarx izlənilib.
Bineqedi.info