Binəqədidə gənclər arasında ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbiri keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi və Bakı Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydası” mövzusunda psixoloji təlim keçirilmişdir.
İlk öncə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sahil Hüseynzadə tədbirin mahiyyəti barədə ətraflı məlumat verərək, gənclər arasında ailə dəyərlərinin vacibliyini və erkən nikahla bağlı maarifləndirmənin əhəmiyyətini vurğulamışdır.

Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahova verilmişdir. İlqar müəllim çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq, gənclər arasında nikah və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğunu və maariflənmənin vacibliyini diqqətə çatdırmışdır.
Bakı Humanitar Kollecinin Təhsil ixtisasları şöbəsinin müdiri Talıb Zülfiyev çıxışında bildirmişdir ki, qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik.
Çıxışılardan sonra Binəqədi Gənclər Evinin psixoloqu Ofeliya xanım Əliyeva iştirakçıları maraqlandıran suallara cavab vermiş və gənclərlə erkən nikah və onun yaratdığı ailə problemləri haqqında psixoloji söhbət aparmış, gənclərin ətraflı məlumat almasına dəstək olmuşdur.
Bineqedi.info


