Azərbaycan əhalisinə şad xəbər – Bu gün minlərlə insanın maaşı artdı

0
77

Prezident İlham Əliyevin iyun ayında bir sıra şəxslərin maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar bu gündən – sentyabrın 1-dən qüvvəyə minir.

Bineqedi.info xəbər verir ki, maaşı artacaq şəxslər sırasında müəllimlər də var.

Belə ki, ölkə başçısının “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamına əsasən bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılıb.

Ölkə başçısının digər sərəncamları ilə güc strukturlarında çalışan əməkdaşların da maaşları sentyabrın 1-dən artır.

Sərəncamlara əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Həmçinin, Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Bundan başqa, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı da vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində qaldırılır.

Əvvəlki məqaləBinəqədi rayonunda növbəti səyyar görüş keçirildi
Növbəti məqalədəNəvəsi Binəqədili milyonçu Ağa Musa Nağıyevin barədə maraqlı faktlar açıqladı